Günün ikinci yarısında Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “İnter Security” mühafizə şirkətinin 10 əməkdaşı şahid qismində ifadə verib.
Daha sonra Beynəlxalq Bankın nümayəndəsi Ağalar Ağaşirinov məhkəməyə arayış təqdim edib. O, ittiham aktında mənimsənildiyi göstərilən 211 milyon manatın sadəcə Cahangir Hacıyev tərəfindən deyil, digər təqsirləndirilən şəxslərin müştərək mənimsənildiyini qeyd edib.
Ağalar Ağaşirinov bildirib ki, 211 milyonun manatın 94 milyonu Anar Sultanovdan, 45 milyon 813 mini İlqar Abdullayevdən, 16 milyonu Kənan Orucovdan, 6 milyonu Məmməd Cahangirovdan, 7 milyon 612 mini Azad Cavadovdan, 37 milyon 469 mini Y.Ələkbərovdan, 39 milyon isə İbrahim Hüseynovdan və digər məbləğ Cahangir Hacıyevdən tələb edilir.
Həmin arayış cinayət işinə əlavə edilib. Hakim bildirib ki, bu arayışla bağlı yaranmış suallara növbəti prosesdə baxılacaq.
Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev qeyd edib ki, cinayət işi ilə bağlı qaranlıq qalan əsas məqam iki zərərçəkmiş tərəfinin tanınmasıdır.
Məhkəmə iclası avqustun 31-də davam edəcək.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov təqsirləndirilən şəxs qismində ifadə verib.
Azad Cavadov bildirib ki, Cahangir Hacıyevlə tələbə yoldaşı olub. Onun sözlərinə görə, Fındıq Emalı Zavodunda Cahangir Hacıyevin dəvəti ilə əvvəl direktor müavini, 2002-ci ildən isə direktor kimi çalışıb.
Azad Cavadov qeyd edib ki, Beynəlxalq Bankdan əvvəlcə 5 milyon manat kredit götürüb: “Girov olaraq isə müəssisə qoyulub. Götürülən 5 milyon manatı qaytara bilmədik. Buna görə də müəssisə bankın idarəetməsinə keçib. Bununla bağlı sənədləri məhkəməyə təqdim edə bilərik”.
Azad Cavadov qayınanasının adına 816 min manat kreditin nə məqsədlə alınmasına da aydınlıq gətirib: “Bu kredit əvvəllər vəkil Akif Məlikovun adına olub. Bir gün Akif Məlikov bildirdi ki, ona kreditə soyuducu vermirlər, çünki adında bu qədər kredit var. Bundan sonra mən məcbur olaraq, həmin krediti qayınanamın adına keçirdim”.
Azad Cavadov evində tapılan silahla bağlı suallara cavab olaraq qeyd edib ki, soyuq silah dedikləri xəncəri 10 il əvvəl qaynı hədiyyə edib.
Daha sonra “İnter Security” MMC-nin əməkdaşları ifadə verib.
Proses günün ikinci yarısında davam edəcək.
İttihama görə, Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilirlər.
Hacı Zeynalov