Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən 1969-cu il təvəllüdlü Bakı şəhər sakini Xalidə İsgəndərovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Xalidə İsgəndərovanın vəkilləri Cavanşir Süleymanov və Abuzər Mütəllimov müdafiə nitqi ilə çıxış edib. Onlar Xalidə İsgəndərovanın qətli törətməsində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Məhkəmə iclası avqustun 31-də davam edəcək.
Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Fərid Nağıyev Xalidə İsgəndərovanın 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, qətl hadisəsi 2014-cü il sentyabrın 1-də Bakıda Babək prospektində baş verib. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov yaşadığı 17 nömrəli evin həyətində, qarajın yanında qətlə yetirilib.
Hadisə adıçəkilən rayonun 24-cü polis bölməsinin ərazisində baş verib. Qatil qurbanının boğazını amansızlıqla kəsərək öldürüb. Qətlin digər təfərrüatları da məlum olub. Maskada olan qatil qurbanına 19 bıçaq zərbəsi vurduqdan sonra boğazını kəsib. Bıçaq zərbələrinin çox olması Füzuli İsgəndərovun müqavimət göstərməsindən xəbər verir.
Sonra cinayətkar binanın girişinə yönəlib və Füzuli İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı tək imiş.
Qadın istintaqa ilkin ifadəsində bildirib ki, qatilin maskasını çıxararaq onu öldürməməsi üçün yalvarıb, bütün qızıl və pulları verəcəyini deyib. Bu səbəbdən qatil onu sağ buraxaraq hadisə yerindən qaçıb.
Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni mərhumun həyat yoldaşı Xalidə İsgəndərovanın törətdiyi məlum olub. Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.
Qətlə yetirilən Füzuli İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Onun həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.
Qətldən əvvəl, avqust ayının 29-da Füzuli İsgəndərov qızına toy edibmiş. Onu da əlavə edək ki, Füzuli İsgəndərovun dəyəri 30 milyon manat olan mülkləri var.
Hacı Zeynalov