Ali Məhkəmədə “RöyalBank” ASC-nin Xəzər filialında problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi vəzifəsini tutmuş Rasif Əliyev və digər şəxslərin işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, “RöyalBank” ASC-nin Xəzər filialında problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi vəzifəsində işləmiş Rasif Əliyev, həmin filialın kredit şöbəsinin mütəxəsisi olmuş Ayaz Şirəliyev və filialın əməkdaşları – Ramin Kərimov, Hüseyn Apışov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 32.5,179.3.2-ci (mənimsəmə və ya israf etməkdə iştirakçılıq) maddələri ilə ittiham ediliblər.
İttihama görə, “Royal Bank” ASC-nin Xəzər filialının sabiq müdiri Rinad Məmmədov, xəzinədar Rasif Əliyev, mütəxəssis Ayaz Şirəliyev və qeyriləri qabaqcadan əlbir olaraq pul vəsaitlərinin vətəndaşlara verilməsi barədə saxta kredit müqavilələri, məxaric orderləri və sair rəsmi sənədlər tərtib etməklə 459 min 571 manat məbləğində pul vəsaitini mənimsəyiblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rinad Məmmədov, Rasif Əliyev, Ayaz Şirəliyev, Ramin Kərimov 3 il, Tamara Quliyeva, İftixar Həsənov, Orxan Ağayev, Samir Atakişiyev 2 il sınaq müddəti olmaqla şərti cəza alıblar. Digər təqsirləndirilən Rauf Qasımov və Mübariz Bayramovun hər birinin barəsində 1000 manat cərimə cəzası kəsilib.
Məhkəmənin hökmündən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Həmçinin təqsirləndirilən şəxslər də apelyasiya şikayəti verib və barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Rasif Əliyevin, Ayaz Şirəliyevin, Ramin Kərimov və Hüseyn Apışovun barəsində təyin edilmiş Cinayət Məcəlləsini 70-ci (şərti məhkum etmə) maddəsi hökmdən xaric edilib. Onların hər birinin barəsində 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onlar məhkəmə zalından həbs ediliblər. Hökm qalan hissədə dəyişdirilməyib.
Bu qərardan narazı qalan Rasif Əliyev, Ayaz Şirəliyev, Ramin Kərimov və Hüseyn Apışov kasasiya şikayəti veriblər. Onları Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini istəyiblər.
Ali Məhkəmədə işə hakim Əli Seyfəliyev baxıb. Kasasiya şikayətlərini araşdıran hakim heyəti sonda qərar elan edib. Bakı Apelyasiya Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qərarı ləğv edilib və işə yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edilib.
Hacı Zeynalov