Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçən prosesdə şahid qismində Kəmalə Rüstəmova ifadə verib.
Kəmalə Rüstəmova bildirib ki, mərhum İlhamə Quliyevanı təqsirləndirilən Mehriban Hüseynova vasitəsi ilə tanıyıb. Onun sözlərinə görə, Mehriban Hüseynova İlhamə Quliyevanın evində olarkən Vüqar Bəkirov onun telefonunu və pulunu əlindən alıb: “İlhamə xanım Mehribanı evinə çağıranda Orxan Nadirov, Vüqar Bəkirov, Faiq Ələkbərli və Ülvi Qılınc da orada olub. Bu zaman Vüqar onun telefonunu və 300 manat pulunu əlindən aldı”.
Məhkəmə prosesi sentyabrın 6-da davam edəcək.
Qeyd edək ki, mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İlhamə Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
Hacı Zeynalov