Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən qapalı prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, qətl hadisəsi ötən ilin sentyabrın 26-da Yasamal rayonunda baş verib. Bakı şəhər sakini Lalə Mahmudova Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə müraciət edərək həyat yoldaşı 39 yaşlı Kamran Mahmudovun itkin düşməsi barədə məlumat verib.
Hadisədən 5 gün sonra Kamran Mahmudovun öldürüldüyü müəyyən edilib. Cinayətin mərhumun həyat yoldaşı Lalə Mahmudova və onun tanışı Sədi Məmmədov tərəfindən törədildiyini aşkara çıxarılıb. Hər 2 şəxs saxlanılaraq ifadələri alınıb.
Məlum olub ki, sentyabrın 26-da gecə saatlarında Sədi Məmmədov Lalə Mahmudovanın yaşadığı evə gəlib. Bu zaman mərhum Kamran Mahmudov və evdəki azyaşlı uşaqlar yatırmış.
Lalə Mahmudova ilə əvvəlcədən plan quran Sədi Məmmədov özü ilə gətirdiyi tapança ilə yatmış Kamran Mahmudovun baş nahiyyəsindən 3 dəfə atəş açaraq onu qətlə yetirib. Onlar izi itirmək məqsədilə meyiti hissələrə bölərək bağlamalara yığıblar. Sonra həmin bağlamalarla Sədi Məmmədov Bakıdan İsmayıllı rayonuna yola düşüb. O, meyiti İsmayıllı rayonunda meşədə basdıraraq Bakıya qayıdıb.
Xatırladaq ki, ki, Lalə Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, əri isə bizneslə məşğul olub.
Qapalı prosesdə ifadə verən Lalə Mahmudova özünü təqsirli bilməyib. Sədi Məmmədov isə qismən təqsirli bilib.
Məhkəmə prosesi sentyabrın 6-da davam edəcək.
Hacı Zeynalov