30 Avqust 2016 17:36
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında təqsirləndirilən Fərid Sadıqov və Zaur Əşrəfovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə 10 nəfər zərərçəkmiş ifadə verib. Bina sakini Zahidə Ağamalıyeva məhkəməyə verdiyi ifadəsində verilən kompensasiyanın onu qane etmədiyini deyib. Zərərçəkmiş Yeganə Səmədova isə heç kimdən şikayətçi olmadığını, ona verilən kompensasiyadan razı qaldığını deyib.

Digər zərərçəkmiş Səadət Ağamalıyev ifadəsində təqsirləndirilən şəxslərin heç birini tanımadığını bildirib. Zərərçəkmiş Yeganə Səmədova qeyd edib ki, hadisədən sonra kompensasiya ödənilib. O, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını bildirib.

Əminə Ənsərova dindirilərkən hadisə nəticəsində evinin tamamilə yandığını deyib: “Bu, 63 ailənin başına gələn bir bəla idi. Şükür ki, ölüm olmadı. Ən böyük təsəllimiz budur. Yanğından əvvəl evimizi əsaslı şəkildə təmir etmişdik, parketlərimiziz hamısı Almaniya istehsalı idi. Yanğından sonra isə bütün evlərin hamısını eyni qaydada təmir etdilər. Bu məni qane etmədi və evi yenidən öz hesabımıza təmir etdik”.

Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.

Qeyd edək ki, iyulun 19-a təyin edilmiş proses təqsirləndirilən şəxs Nüsrət Muxtarovun vəfat etməsi ilə bağlı baş tutmamışdı. Buna səbəb Nüsrət Muxtarovun cinayət işi üzrə hüquqi varisinin müəyyən edilməsi ilə bağlı olub. Hüquqi varis Nüsrət Muxtarov tərəfindən ödənilməli olan dəymiş ziyanı qarşılayacaq.

Nüsrət Muxtarov iyulun 13-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında vəfat edib. İyulun 26-da keçirilən prosesdə dünyasını dəyişən Nüsrət Muxtarovun oğlu Asif Muxtarov onun hüquqi varisi kimi tanınıb.
İttihama görə, yanğın hadisəsi ötən il aprelin 10-da Bakının Xətai rayonu, Zığ yolu,16 ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən doqquzmərtəbəli yaşayış binasının fasadının poliuretan materialla üzlənməsi ağır nəticələrə səbəb olan yanğınla nəticələnib.

Bu hadisədən sonra Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs olunublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər