Azərbaycanda intellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması və antiplagiat məsələlərinə xüsusi diqqət yetirilir. Bu sahədə qabaqcıl texnologiyaların tətbiqi ölkədə qeyri-neft sektorunun inkişafı və biliklər iqtisadiyyatının bərqərar olmasında mühüm rol oynayan prioritet istiqamətlərdəndir. Ölkəmizdə Təhsil Nazirliyində, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA), Müəllif Hüquqları Agentliyində, eləcə də bir çox universitetlərdə və müvafiq qurumlarda plagiatla mübarizəyə yönəlmiş innovativ layihələr həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən AMEA-nın akademik-katibi, akademiyanın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev müasir informasiya cəmiyyəti quruculuğu şəraitində internetin verdiyi imkanlardan sui-istifadə hallarının geniş vüsət aldığını bildirib. Akademik intellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması və plagiatlıqla mübarizə problemlərinə elmi və hüquqi müstəvidə baxılmasının zəruriliyini qeyd edib.
“Dünyanın inkişaf etmiş ölkələrində müəllif hüquqlarının pozulması cinayət hesab olunur və bu istiqamətdə qəbul edilən qanunlar çərçivəsində ciddi tədbirlər görülür”, – deyən R.Əliquliyev bu sahədə xarici təcrübəyə əsaslanmağın, normativ-hüquqi bazanın inkişaf etdirilməsinin vacibliyindən söz açıb.
Alim antiplagiat sahəsində informasiya texnologiyalarının tətbiqi istiqamətində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi məqsədilə İnformasiya Texnologiyaları İnstitutunda bir sıra görüşlərin keçirildiyini qeyd edib. Xarici şirkətlərlə əməkdaşlıq çərçivəsində ölkədə milli antiplagiat sisteminin formalaşdırılmasının vacib məsələlərdən olduğunu bildirib.