Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən qrup üzvləri -Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti aşkar edilib. İstintaq-əməliyyat tədbirləri ilə qətlə yetirilənin Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Xanlar Nadirov olması müəyyən edilib.
Hadisədən 5 ay sonra həmin şəxsi Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü Vüsal Mirzəyev, Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Vüsal Qədiyev və Lerik rayon sakini, 1982-cı il təvəllüdlü Nizami İsmayılovun öldürdüyü bəlli olub.
Belə ki, qətli törədən şəxslər Xanlar Nadirovla birlikdə ötən il sentyabrın 6-da saat 22.00-da Sulutəpə dairəsi yaxınlığındakı kafedə yeyib-içiblər.
Bundan sonra dostlar arasında mübahisə yaranıb və Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılov Xanlar Nadirovu yaxınlıqdakı meşə massivinə apararaq orada qətlə yetiriblər.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror cinayət işi ilə tanış olmadığını deyib. Buna görə məhkəmədən vaxt istəyib.
Hakim eləcə də təqsirləndirilən şəxslərin barəsində olan həbs qətimkan tədbirinin müddətini uzadıb.
Məhkəmənin hazırlıq iclası sentyabrın 7-ə təyin edilib.
Hacı Zeynalov