Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un məlumatına görə, hakim Həsən Əhmədovun sədrlik etdiyi prosesdə Cavid Hüseynovun vəkili Adəm Məmmədov çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi sentyabrın 9-na təyin olunub.
Qeyd edek ki, Səbail rayon Məhkəməsinin hökmü ilə Cavid Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Cavid Hüseynov və vəkili Adəm Məmmədov apelyasiya şikayəti veriblər. Apelyasiya şikayətində Cavid Hüseynovun barəsində bəraət hökmünün çıxarılması istənilib.
İttihama görə, Ann.TV-nin əməkdaşı, Bakı şəhər sakini Rasim Əliyev ötən il avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Rasim Əliyev avqustun 9-da orada vəfat edib.
Hadisə ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Jurnalistin ölümü ilə bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev həbs ediliblər. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da Rasim Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə saxlanılıb.
Cavid Hüseynova Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub. Cavid Hüseynovun cinayət işi ayrıca icraatda araşdırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov