6 Sentyabr 2016 15:55
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında təqsirləndirilən Fərid Sadıqov və Zaur Əşrəfovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə zərərçəkmişlər Rəfiqə Cabbarlı, Cəlalə Vəliyeva və Zülfüqar İsgəndərov ifadə verib.

Zərərçəkmişlər ifadələrində bildiriblər ki, dəymiş ziyanla bağlı kompensasiyalarını alıblar, təqsirləndirilən şəxslərdən şikayətçi olmadıqlarını qeyd ediblər.

Məhkəmə prosesi sentyabrın 20-də davam edəcək.

Qeyd edək ki, iyulun 19-a təyin edilmiş proses təqsirləndirilən şəxs Nüsrət Muxtarovun vəfatı ilə bağlı baş tutmamışdı. Buna səbəb Nüsrət Muxtarovun cinayət işi üzrə hüquqi varisinin müəyyən edilməməsi olub. Hüquqi varis Nüsrət Muxtarov tərəfindən ödənilməli olan dəymiş ziyanı qarşılayacaq.

Nüsrət Muxtarov iyulun 13-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında vəfat edib. İyulun 26-da keçirilən prosesdə dünyasını dəyişən Nüsrət Muxtarovun oğlu Asif Muxtarov onun hüquqi varisi kimi tanınıb.

İttihama görə, yanğın hadisəsi ötən il aprelin 10-da Bakının Xətai rayonu, Zığ yolu,16 ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən doqquzmərtəbəli yaşayış binasının fasadının poliuretan materialla üzlənməsi ağır nəticələrə səbəb olan yanğınla nəticələnib.

Bu hadisədən sonra Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs olunublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər