Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Elşad Həsənov və Rüstəm Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu il yanvarın 10-da Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamış 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyiti yaşadığı evdə aşkar edilib.
Polis və prokurorluq əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri Rüstəm Rzayev və tanışı Elşad Həsənov tutularaq istintaqa cəlb ediliblər. Məlum olub ki, Rüstəm Rzayevin keçmiş arvadı Sevil Rzayevanı öldürtmək məqsədi ilə tanışı Elşad Həsənovla 2000 manat müqabilində qabaqcadan razılaşıb.
Elşad Həsənov yanvarın 10-da Sevil Rzayevanın yaşadığı evə daxil olub və özü ilə götürdüyü küt alətlə mərhumun baş nahiyəsinə zərbə endirərək öldürüb.
Məlum olub ki, həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan Rüstəm Rzayev ondan ayrılmağa qərar verib. Yanvarın 18-də məhkəmə onların boşanması ilə bağlı məsələyə baxacaqmış.
Ərinin ondan boşanmasında israrlı olduğunu görən Sevil Rzayeva həyat yoldaşından ona məxsus evdən və obyektdən pay verməsini tələb edib. Rüstəm Rzayev isə Sevil Rzayevaya mülklündən pay verməmək üçün onu öldürtmək qərarına gəlib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilirlər.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edib. Onlar məhkəmə iclaslarının qapalı keçirilməsini istəyib. Vəsatət təmin edilib.
Məhkəmənin növbəti prosesi sentyabrın 14-nə təyin edilib.
Hacı Zeynalov