Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü İbrahim Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, İbrahim Dadaşov Sabirabad rayonunun Qaratoğay kəndində anadan olub və yetkinlik yaşına çatandan sonra Bakı şəhərinə gəlib.
Paytaxtda ayrı-ayrı tikinti yerlərində fəhləlik edən İbrahim Dadaşov Sabunçu qəsəbəsində E.Mehdiyev küçəsindəki döngə 1, ev 24-də kirayədə yaşayıb.
Avtobusdan başlayan cinayət
İbrahim Dadaşov 6 sentyabr 2014-cü il tarixdə, saat 08.30 radələrində 77 nömrəli marşrut avtobusunda gedərkən, əvvəllər tanımadığı Sevda İlyasovanı görüb. O, Sevda İlyasova ilə cinsi əlaqədə olmaq niyyətinə düşüb. Sevda İlyasova bir neçə dəqiqə sonra Əsəd Əhmədov küçəsi, 34 ünvanda yerləşən dayanacağında avtobusdan düşüb. Bu zaman İbrahim Dadaşov da onun arxasınca gedib. Sevda İlyasova daha sonra Yeni Yasamal massivində inşa olunan yaşayış binasının yanından evlərinə getmək istəyib. Bu vaxt İbrahim Dadaşovda onun arxasınca gəlib.
Küçədə zorakılıq
Ətrafda insanların olmamasından istifadə edən İbrahim Dadaşov tanış olmaq bəhanəsi ilə Sevda İlyasovaya yaxınlaşıb. O, Sevdaya yaxınlaşaraq tanış olmaq istədiyini bildirib. Lakin Sevda İlyasova onunla tanış olmaq istəmədiyini, onun çıxıb getməsini tələb edib. Amma İbrahim Dadaşov niyyətini davam etdirib və cinsi əlaqədə olmaq niyyəti ilə Sevda İlyasovanı tutaraq zor tətbiq edib. İbrahim Dadaşov orada Sevda İlyasovanın qucaqlayaraq yerə yıxıb. Bu zaman Sevda İlyasova ona müqavimət göstərib. Onun müqavimət göstərdiyini görən İbrahim Dadaşov daha da zorakılıq hərəkətlərini davam etdirib. İbrahim Dadaşov cinsi əlaqədə olmaq üçün zorla Sevda İlyasovanı soyundurmağa başlayıb. Bu vaxt Sevda İlyasova səs-küy salaraq kömək etməyə adam çağırıb.
İşgəncə
O, Sevda İlyasovanın bu hərəkətinin qarşısını almaq məqsədilə əli ilə ağzını tutub və qışqırmasına imkan verməyib. O, yenə də qızla cinsi əlaqədə olmaq niyyətini davam etdirib. Sevda İlyasovanın yenə də müqavimət göstərdiyini görən İbrahim Dadaşov onu döyərək, bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib.
Qıza xəsarət yetirən İbrahim Dadaşov öz niyyətini davam etdirib. Bu zaman Sevda İlyasovanın qışqırıq səsinə Milli Təhlükəsizlik Nazirliyinin Xüsusi Əməliyyatlar Baş İdarəsinin əməkdaşları yaxınlaşıb. Onlar Sevda İlyasovanı İbrahim Dadaşovun əlindən alıblar.
Bu səbəbdən də İbrahim Dadaşov Sevda İlyasovaya qarşı zorakılıq hərəkətlərini başa çatdıra bilməyib. İbrahim Dadaşov Yasamal rayon Polis İdarəsinə təhvil verilib.
Cəza
Onun barəsində Cinayət Məcəlləsinin 29,149.1-ci (zorlamaya cəhd) maddələri ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim Dadaşov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan İbrahim Dadaşov apelyasiya şikayəti verib. İbrahim Dadaşov barəsində bəraət hökmünün çıxarılmasını istəyib. O, qeyd edib ki, Sevda İlyasovaya qarşı zorakılıq göstərməyib. Onun sözlərinə görə, Sevda İlyasovaya tanış olmaq məqsədilə yaxınlaşıb. İbrahim Dadaşovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə İbrahim Dadaşovun şikayəti qismən təmin edilib və onun cəzası 4 ilə endirilib.
Bu qərardan İbrahim Dadaşovun vəkili Tofiq Aslanov kasasiya şikayəti verib. O, şikayətində hökmünü bəraətverici əsaslarla ləğv edilməsini istəyib. Ali Məhkəmədə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, müdafiə tərəfinin kasasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov