9 Sentyabr 2016 09:58
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Elxan Həbibovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Aşıq Alı küçəsi 3 ünvanında baş verib. 45 yaşlı Elxan Həbibov yaşadıqları binanın həyətində qardaşı, 43 yaşlı Əbülfət Həbibovla mübahisə edib.

Mübahisə zamanı Elxan Həbibov üzərində gəzdirdiyi bıçaqla qardaşına bir neçə zərbə endirib. O, Əbülfət Həbibovun başına armatur parçası ilə də dəfələrlə zərbə vurub.

Nəticədə Əbülfət Həbibov hadisə yerində dünyasını dəyişib. Qardaşını amansızlıqla qətlə yetirən Elxan Həbibov saxlanılıb.

Prokurorluğun yaydığı məlumatda qeyd olunur ki, qətli törədən Elxan Həbibovun ruhi xəstə olub. Onun qətlə yetirdiyi qardaşının da psixi problemləri olub. Həmin şəxslərin daha bir qardaşı isə bir neçə il əvvəl özünü yaşadıqları mənzilin eyvanından ataraq intihar edib.
Elxan Həbibov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunub.

Bu il iyul ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Həbibov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkumun müdafiəçisi Günay Hacıyeva apellyasiya şikayəti verib. Müdafiəçi Elxan Həbibovun cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, daha sonra isə onun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: