Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gürcüstan vətəndaşları - Arçil Darsalia, Lekso Mosidze, Müşfiq Piriyev, Zakir Bayramov və Azərbaycan vətəndaşı Hüseyn Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtda 10-a yaxın mağaza və mənzildən oğurluq edən Gürcüstan vətəndaşları Arçil Darsalia, Lekso Mosidze, Müşfiq Piriyev, Zakir Bayramov və Azərbaycan vətəndaşı Hüseyn Ramazanov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, Gürcüstan vətəndaşları təxminən iki ay əvvəl Hüseyn Ramazanovun dəvəti ilə Azərbaycan sərhədini qanunsuz yolla keçərək Bakı şəhərinə gəliblər. Onlar burada cinayətkar dəstə yaradaraq müxtəlif vaxtlarda paytaxtın bir-neçə rayonunda oğurluq cinayətləri törədiblər.
Dəstə üzvlərindən ikisi – Arçil Darsalia, Lekso Mosidze Gürcüstan Respublikasında ağır cinayətlər törətdiklərinə görə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarışda olublar.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı sentyabrın 15-nə təyin edilib.
Hacı Zeynalov