Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən prosesdə Cahangir Hacıyevin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev iştirak etməyib. Bildirilib ki, hər iki vəkil Azərbaycandandan kənardadır.
Bu səbəbdən məhkəmə prosesi sentyavrın 19-a kimi təxirə salınıb.
İttihama görə, Azərbaycan Beynəlxalq Bankın idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilirlər.
Hacı Zeynalov