Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu ilin yanvar ayında Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun rəsmi məlumatına görə, paytaxtın hüquq mühafizə orqanlarının təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.
Yanvarın 5-də saat 09.00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nemətzadənin yaşadığı mənzildə üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib.
Daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr meydana çıxıb və onlar tutularaq istintaqa cəlb olunublar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham edilir.
Qətlə yetirilən Məryəm Nemətzadə Bakıda qızıl alveri ilə məşğul olub. Cinayəti törətməkdə təqsirləndirilən qızı Günel Hüseynova boşanıb. Onun keçmiş həyat yoldaşından azyaşlı qızı var.
Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı sentyabrın 23-nə təyin olunub.
Hacı Zeynalov