Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Avropa Oyunları zamanı “Atletlər kəndi”ndə baş vermiş qəza ilə bağlı təqsirli bilinən Vəli Əhmədov, Hüseyn Salamov, Elçin Həsənov və Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Hüseyn Salamovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istfadə etmə) maddəsi həmin məcəllənin 314.2-ci (səhlənkarlıq) maddəsinə tövsif edilib. Hüseyn Salamov və Vəli Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki təqsirləndirilən şəxsin cəzalarını məntəqə ipli müəssisədə çəkmələri barədə qərar qəbul edilib.
Elçin Həsənov isə cəzasını ümumi rejimli cəza müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən Fərid Əmiraslanovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib. O 2 il 11ay 28 gün müddətinə şərti cəza alıb.
Bundan əvvəl keçirilən prosesdə prokuror Vəli Əhmədovun 3 il, Fərid Əmiraslanovun 5 il, Hüseyn Salamov və Elçin Həsənovun isə hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
2015-ci il iyun ayının 11-də, saat 8.30-da, 1-ci Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobus hərəkət zolağından çıxaraq səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.
Hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov tutulub. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Hacı Zeynalov