Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə, vəzifədən sui-istifadədə təqsirləndirilən "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami rayon qovşağının rəisi Fətullah Hüseynov və həmin qovşağın baş mühasibi Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən vəkilləri müdafiə etdikləri şəxslərin barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət veriblər. Vəsatət təmin edilməyib.
Məhkəmə baxışı sentyabrın 29-a təyin edilib.
Təqsiləndirilənlər ləğv edilən MTN-nin sabiq naziri Eldar Mahmudovun vəzifədən kənarlaşdırılmasından sonra həbs olunublar.
Fətullah Seyidov və Rəşad Məmmədov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Onu da qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.
Başlanmış cinayət işi üzrə 10-dan çox vəzifəli şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində həbs qərarı çıxarılıb.
Hacı Zeynalov