Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə vəkillər vəsatət qaldıraraq təqsirləndirilən Abbas Hüseynovun məhkəmədə iştirak etməsini istəyiblər.
Hakim bildirib ki, hazırkı mərhələdə buna lüzum yoxdur: "Abbas Hüseynin özü məhkəməyə müraciət etsin və müraciətə baxılsın".
Vəkillər təqsirləndirilən şəxslərlə məsləhətləşmək üçün məhkəmədən vaxt istəyib.
Onlar yenidən vəsatətlə çıxış ediblər, bildiriblər ki, təqsirləndirilən şəxslər Abbas Hüseynovun məhkəmədə iştirakını istəyirlər. Əks halda vəkillər şahidlərin dindirilməsində iştirak etməyəcəklər.
Vəsatət təmin edilməyib.
Bundan sonra təqsirləndirilən şəxslər siyasi şüarlar səsləndiriblər. Proses sentyabrın 28-nə təxirə salınıb.
Hacı Zeynalov