Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçən prosesdə Ilhamə Quliyevanın oğlu Orxan Nadirov ifadı verib.
O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.
Orxan Nadirov bildirib ki, Mehriban Hüseynovayla düşmənçiliyi yoxdur: "Dostum Vüqar deyib ki, saxta vəsiyyıtnanə var, onun təsdiqlənməsini istəyib. Bütün bu planları mənə Vüqar danışıb".
Orxan Nadirov qeyd edib ki, sonradan səs yazılarında Mehribanın Vüqardan dərman istədiyi məlum olub: "Amma nə istədiyini bilməmişəm".
Orxan Nadirovun sözlərinə görə, əvvəllər İlhamə Quliyeva ilə münasibətləri yaxşı olub: "Mərhumla son aylar münasibətimiz korlanmışdı. Həmişə fikirləşirdim ki, bizim münasibətləri Mehriban korlayıb. Sonradan fikrimdən daşındım. Çünki Mehriban bu işdə qurban gedib. O, bu işlərdə zəif bənd olub. Çünki İlhamə rəhmətə gedəndən sonra çox şeyin şahidi oldum".
Orxan Nadirov Vüqarla sonradan münasibətlərinin korlandığını da vurğulayıb. Bildirib ki, Vüqar Binəqədi rayon Polis İdarəsində onu şərləyərək tutdurmaq istəyib: "Vüqarla şəxsi düşmənçiliymiz olub. Əvvəllər deyirdi ki, vəsiyyətnamə ilə bağlı planı Mehriban qurub. Bu il yanvarın 6-da Vüqar həbs edildi. Bundan sonra səsyazıları ortaya çıxdı. Həmin səs yazılsrından məlum oldu ki, saxta vəsiyyətnamə hazırlamağa Mehribanı Vüqar təhrik edib".
Orxan Nadirov əlavə edib ki, Mehriban Hüseynova ilə İlhamə Quliyevanın arasında baş verən mübahisənin şahidi olmayıb: "Mən ora gələndə artıq hər şey bitmişdi. Rəhmətlik söyərək Mehribanı evdən qovdu".
Mehriban Hüseynovanın vəkili Vasif Mirzəyev şahidin məhkəməyə verdiyi ifadəsi ilə istintaq ifadəsi arasında kəskin ziddiyyətlər var. Vəkil onun istintaqa verdiyi ifadəsinin elan edilməsini istəyib. Hakim Orxan Nadirovun istintaqa verdiyi ifadəsini elan edib.
Orxan Nadirov cavabda bildirib ki, istintaq zamanı əsəbi olub və Mehribana qarşı qərəzli ifadə verib. O, ifadəsinin Mehriban Hüseynova ilə bağlı hissəsindən imtina edib.
Məhkəmə prosesi oktyabrın 4-də davam edəcək.
Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İlhamə Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
Hacı Zeynalov