8 Oktyabr 2016 10:00
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilən kasasiya şikayətini geri götürüb.

Teleqraf.com xəbər verir ki, Cavid Hüseynovun vəkili Adəm Məmmədovun Ali Məhkəməyə şikayəti geri götürməsi barədə təqdim etdiyi ərizə qəbul edilib.

Bu səbəbdən iş materialları yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. İşə yenə də hakim Əhməd Həsənovun sədrliyi ilə baxılacaq.

Proses oktyabrın 12-ə təyin edilib.

Xatırladaq ki, sentyabrın 16-da Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilməli olan proses təxirə salınıb. Buna səbəb Cavid Hüseynovun vəkili Adəm Məmmədovun ilkin qərardaddan kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etməsi olub.

İttihama görə, Ann.TV-nin əməkdaşı, Bakı şəhər sakini Rasim Əliyev ötən il avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Rasim Əliyev avqustun 9-da orada vəfat edib.

Hadisə ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Jurnalistin ölümü ilə bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev həbs ediliblər. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da Rasim Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə saxlanılıb.

Cavid Hüseynova Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub. Cavid Hüseynovun cinayət işi ayrıca icraatda araşdırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər