Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində çay evində qətl törətməkdə təqsirləndirilən Vüqar Şirinovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, qətl hadisəsi ötən il martın 6-da axşam saatlarında Nəsimi rayonunun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən “Odlar Yurdu” adlı çay evində baş verib. Çay evinin sahibi, Ağsu rayon sakini Murad Qubadovu borc verdiyi şəxs güllələyib.
İlkin məlumata görə, çay evinin sahibi Murad Qubadov tanışı olan Vüqar Şirinova borc pul verib. Bir müddət sonra Murad Qubadov Vüqar Şirinova bir neçə dəfə zəng edərək pulunu istəyib.
Pulu qaytara bilməyən Vüqar Şirinov isə ondan vaxt istəyib. Lakin həmin müddətdə də borcu qaytara bilməyib.
Hadisə günü Murad Qubadov yenidən Vüqar Şirinova zəng vuraraq borcunu tələb edəndə, mübahisə yaranıb.
Vüqar Şirinov naməlum şəraitdə əldə etdiyi qundağı kəsilmiş ov tüfəngi ilə “Odlar Yurdu” çay evinə gələrək sahibkarın otağına daxil olub, Murad Qubadova 3 atəş açaraq onu qətlə yetirib, hadisə yerindən qaçıb.
Polis əməkdaşları hadisədə istifadə edilmiş qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngini götüblər.
Vüqar Şirinov hadisəni törədəndən sonra Ağsu rayonunda valideynlərinin yanına qaçıb, onlarla vidalaşaraq könüllü şəkildə Ağsu rayon Polis İdarəsinə təslim olub. O, Nəsimi Rayon Polis İdarəsininin 19-cu polis bölməsinə əməkdaşlarına təhvil verilib.
Təqsirləndirilən şəxs Vüqar Şirinov özünü qismən təqsirli bildiyini və cinayəti bilərəkdən törətmədiyini deyib: "Törətdiim əməldən peşmanam. Amma Murad söyüş söydü. Bu səbəbdən cinayəti törətməyə məcbur oldum".
Məhkəmə oktyabrın 17-də davam edəcək.
Hacı Zeynalov