12 Oktyabr 2016 16:50
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün günün ikinci yarısında Bakı Apelyasiya Məhkəməsində Ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunub.

Cavid Hüseynovun cəzası 4 ildən 1 il 2 aya endirib. Həmin müddət başa çatdığından futbolçu həbsdən azad edilib.

Cavid Hüseynovun vəkili Adəm Məmmədov apelyasiya şikayətində müdafiə etdiyi şəxsin günahsız olduğunu qeyd edib. O, Cavid Hüseynovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

***

Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kaptanın Cavid Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un məlumatına görə, prosesə hakim Həsən Əhmədov sədrlik edir.

Məhkəmənin bu günkü iclasına Cavid Hüseynovun vəkili Adəm Məmmədov gəlməyib. O, məhkəməyə teleqrama göndərib və Ali Məhkəmədə başqa işi olduğu üçün prosesə qatıla bilməyəcəyini bildirib.

Bu səbəbdən məhkəmə təxirə salınıb.

İttihama görə, Ann.TV-nin əməkdaşı, Bakı şəhər sakini Rasim Əliyev ötən il avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Rasim Əliyev avqustun 9-da orada vəfat edib.

Hadisə ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Jurnalistin ölümü ilə bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev həbs ediliblər. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da Rasim Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə saxlanılıb.

Cavid Hüseynova Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub. Cavid Hüseynovun cinayət işi ayrıca icraatda araşdırılıb. O, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər