Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Elşad Həsənov və Rüstəm Rzayevin məhkəməsi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrlik etdiyi prosesdə prokuror iş iş istəyib.
Dövlət ittihamçısı Elşad Həsənov və Rüstəm Rzayevin hər birinin 20 il azadlıqdan məhrum edilməsini tələb edib.
Vəkillər çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Növbəti proses oktyabrın 18-ə təin olunub.
İttihama görə, bu il yanvarın 10-da Zabrat qəsəbəsində yaşamış 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyiti yaşadığı evdə aşkarlanıb. Polis və prokurorluq əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri Rüstəm Rzayev və tanışı Elşad Həsənov tutularaq istintaqa cəlb ediliblər.
Məlum olub ki, Rüstəm Rzayevin keçmiş arvadı Sevil Rzayevanı öldürtmək məqsədi ilə tanışı Elşad Həsənovla 2000 manat müqabilində qabaqcadan razılaşıb.
Elşad Həsənov yanvarın 10-da Sevil Rzayevanın yaşadığı evə daxil olub və özü ilə götürdüyü küt alətlə mərhumun baş nahiyəsinə zərbə endirərək öldürüb.
Bəlli olub ki, həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan Rüstəm Rzayev ondan ayrılmağa qərar verib. Yanvarın 18-də məhkəmə onların boşanması ilə bağlı məsələyə baxacaqmış.
Ərinin boşanmaqda israrlı olduğunu görən Sevil Rzayeva həyat yoldaşına məxsus evdən və obyektdən pay tələb edib. Rüstəm Rzayev isə Sevil Rzayevaya mülklündən pay verməmək üçün onu öldürtmək qərarına gəlib.
Hacı Zeynalov