Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə Suriyada qanunsuz silahlı birləşmədə iştirakda təqsirləndirilərək həbs edilən Zöhrab Məmmədovun işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Zöhrab Məmmədov Dövlət Təhülkəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Müəyyən edilib ki, Zöhrab Məmmədov 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçib. O, həmin dövlətin ərazisində qanunsuz fəaliyyət göstərən “İslam dövləti” (İŞİD) və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələnib.
Təlimlər başa çatdıqdan sonra Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak edib.
Zöhrab Məmmədov Suriya ərazisindəki “Mühacir Ansar” camaatı adlı qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda fəal iştirak edib və bu zaman yaralanaraq müxtəlif bədən xəsarətləri alıb.
Məhkəmənin hökmü ilə Zöhrab Məmmədov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov