14 Oktyabr 2016 19:04
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımov ifadə verib. O təqsirləndirilən şəxslərin suallarını cavablandırıb.

İbrahim Kazımov Nardaranda keçirilən əməliyyatdan danışıb. O, Taleh Bağırov və Abbas Hüseynova işgəncə verilmədyini deyib.

İbrahim Kazımov ifadə verən zaman Taleh Bağırovun tərəfdarları prosesdə səs-küy salıblar. Həm həbsdə olanlar, həm də zalda onların tərəfdarları "Allahu Əkbər" deyərək qışqırıblar. Məhkumlardan biri şahidə ayaqqabı atıblar.

Proses oktyabrın 17-də davam edəcək.

14.39

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə Taleh Bağırov çıxış edib.

O, cərimə kamerasında saxlanıldığını, çıxışlarına və verdiyi vəsatətlərə görə cəzalandırıldığını deyib.

Daha sonra iclasda Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Nəsib Əsədullayev şahid qismində ifadə verib. O, bildirib ki, ötən il noyabrın 5-də bir qrup şəxs Sabunçu RPİ-nin qarşına yığışaraq Elçin Qasımovun azadlığa buraxılmasını tələb edib.

Polis əməkdaşının sözlərinə görə, hadisə zamanı xəsarət almayıb, özü kimisə saxlamayıb. Sualları cavablandıran şahid deyib ki, Çevik Polis Alayının əməkdaşları onlara kömək məqsədi ilə oraya gəliblər.

İclasda şahid qismində Sabunçu rayon Polis Idarəsini əməkdaşı Anar İbrahimov da oxşar ifadə verərək deyib ki, hadisə zamanı dəyənəyi itib və qarnına daş dəyib. Lakin o, zərərçəkmiş kimi harasa müraciət etməyib.

Proses günün ikinci yarsında davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər