16 Oktyabr 2016 01:14
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda fermaya basqın edərək ər və arvada qarşı xüsusi amansızlıqla cinayət törədən 19 yaşlı Ülfət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 14 sentyabr 2015-ci ildə Şəmkir rayonunun Qaracəmirli kənd sakinləri 79 yaşlı Qəzənfər Hacıyev və onun 73 yaşlı həyat yoldaşı Roza Hacıyeva naməlum şəxsin təcavüzünə tuş gəlib.

Hadisə gecə saat 2 radələrində Hacıyevlərə məxsus fermada baş verib. Ülfət Məmmədov fermaya qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd göstərib.

Vəziyyətdən xəbərdar olan Qəzənfər Hacıyev oğurluğun qarşısını almaq istəyib. Bu zaman Ülfət Məmmədov ona ağır bədən xəsarətləri yetirib. Kişinin səsinə həyat yoldaşı Roza Hacıyeva gəlib. Ülfət Məmmədov qadına da xəsarət yetirib.

Hər iki yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Orada tibbi yardım göstərilməsinə baxmayaraq, Roza Hacıyevanın həyatını xilas etmək mümkün olmayıb.

İlkin dindirilmə zamanı Ülfət Məmmədov əməlini etiraf edib və cinayəti tamah məqsədilə törətdiyini bildirib. 19 yaşlı Ülfət Məmmədov hadisəni belə nəql edib: “Əvvəlcə kişi alt paltarında qabağıma çıxdı. Kişini vurdum, sonra qadın çıxdı, onu da vurdum. Sonra 2 cavan adam gəldi. Biri məni vurdu, burnum qanadı. Məni “VAZ 2107”ə otuzduraraq aparmaq istəyərkən qaçdım”.

Ülfət Məmmədov Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 127.2.2-ci (xüsusi amansızlıqla, zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ülfət Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: