Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü keçmiş məhkum Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə işin məhkəmə baxışına verildiyi elan olunub.
Məhkəmənin baxış iclası oktyabrın 21-nə təyin edilib.
Hadisə bu il fevral ayının 4-də Bakının Binəqədi rayonunda baş verib. Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş Ayxan Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. Günay Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Ayxan Məmmədovun polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.
Ayxan Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur.
Sevinc Babayeva "İnterpol" xəttiylə axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərindəki hospitallardan birində ürək xəstəliyindən vəfat edib.
Hacı Zeynalov