18 Oktyabr 2016 12:55
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında təqsirləndirilən Fərid Sadıqov və Zaur Əşrəfovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə zərərçəkmiş Xuraman Hüseynova ifadə verib: "Həmin vaxt binada kirayə qalmışam. Kirayə mənzilim yanıb, mənə də ziyan dəyib. Evdə olan bütün əşyalarım kül olub. Cəmi 4 min manat kompenasiya almışam".

Şahid qismində ifadə verən Akif deyib ki, tikintidə sahə rəisi olub, ümumilikdə155 binaya nəzarət edib: "Təkcə yanan bina ilə bağlı tikinti sahəsində rəis işləməmişəm. Tapşırıq əsasında bina üçün nə deyiblər, onu da etmişəm".

Daha sonra THN şirkətinin mühasibi Könül Abbasova ifadə verib. O, şirkət rəhbərliyi tərəfindən verilən tapşırıqları icra etdiyini deyib.

Proses oktyabrın 25-də davam edəcək.

İttihama görə, yanğın hadisəsi ötən il aprelin 10-da Bakının Xətai rayonu, Zığ yolu,16 ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən doqquzmərtəbəli yaşayış binasının fasadının poliuretan materialla üzlənməsi ağır nəticələrə səbəb olan yanğınla nəticələnib.

Bu hadisədən sonra Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs olunublar.

Nüsrət Muxtarov iyulun 13-də saxlandığı Bakı İstintaq Təcridxanasında vəfat edib. Nüsrət Muxtarovun cinayət işi üzrə hüquqi varis oğlu müəyyən edilib. Hüquqi varis Nüsrət Muxtarov tərəfindən ödənilməli olan dəymiş ziyanı qarşılayacaq.

Hacı Zeynalov


Müəllif: