18 Oktyabr 2016 19:39
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa xəsarət yetirməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Qorxmaz Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakıda 19 yaşlı Orxan Kərimli Facebook sosial şəbəkəsində oyun oynayarkən əvvəlcədən tanımadığı Elnur Məmmədovla mübahisə edib. Virtual dostlar arasında oynanılan oyuna Elnurun sonradan qoşulması 19 yaşlı Orxanı qəzəbləndirib.

Elnur və Orxan Yasamal rayonunda parklardan birində görüş təyin ediblər. Orxan görüşə çağırdığı Elnurun tək gəlməyəcəyini düşündüyü üçün öz dostlarını da görüşə çağırıb. O, əvvəlcə dostu Əşrəf Hacıyevə, sonra isə hazırda dəmir barmaqlıqlar arxasında olan Qorxmaz Sadıqova zəng edib.

Dostlar birlikdə Elnurla görüş təyin etdikləri parka gəliblər. Orada gənclər arasında mübahisə yaranıb. Mübahisə zamanı gənclər əlbəyaxa olub.

Bu zaman Qorxmaz Sadıqov Elnur Məmmədova bıçaqla xəsarət yetirib. Elnur Məmmədova vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Cinayəti törədən Qorxmaz Sadıqov həbs edilib. O, Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilir.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs qismində ifadə verən Qorxmaz Sadıqov özünü təqsirli bilib.

Daha sonra hadisənin şahid qismində Orxan Kərimli ifadə verib. O, təqsirləndirilən şəxslə eyni məhəllədə qaldığını bildirib. Onun sözlərinə görə, zərərçəkmiş Elnur Məmmədovla oyun üstündə mübahisə edib: “Elnur mənə söyüş söydü. Görüş təyin etdik. Mən də həmin görüşə Qorxmaz Sadqovu və Əşrəf Hacıyevi çağırdım. Mübahisə nəticəsində dava baş verdi”.

Məhkəmə prosesi oktyabrın 24-də davam edəcək.

Hacı Zeynalov


Müəllif: