Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Adil Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə Adil Abdullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Adil Abdullayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.
Məhkəmədə zərərçəkmiş qismində ifadə verən Rasim Əliyev bildirib ki, dostu Adil Abdullayev ticarətlə məşğul olduğunu əsas gətirərək, ondan 2010-cu ilin dekabrında 100 min, daha sonra isə 45 min dollar borc alıb. Bildirib ki, Bakı şəhərində 3 dükanı var və mal gətirmək üçün ona pul lazımdır: "Dedi, gəl şərik işləyək. Sonradan bildim ki, Adil məni aldadır. Pulumu geri istədim. Dedi ki, ayda 3000 dollar ödəyə bilər. Razılaşdım, ancaq bir neçə aydan sonra heç nə vermədi. Sonra məlum oldu ki, onun təkcə mənə yox, digərlərinə də borcu var. Hazırda onun mənə 93 min dollar borcu var".
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Fəxrəddin Rzayevin də barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Hacı Zeynalov