Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa xəsarət yetirməkdə ittiham olunan Aslan Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrlik etdiyi prosesdə hökm oxunub.
Aslan Hüseynov 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Xırdalan şəhərində baş verib. Fikrət Əhmədov küçəsində yaşayan 55 yaşlı Aslan Hüseynov mübahisə zamanı baldızı Hicran Məhərrəmzadəni bıçaqlayıb. Yaralı təcili yardımla Respublika Klinik Xəstəxanasına çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Həkimlər Hicran Məhərrəmzadədə 10 yaxın bıçaq xəsarəti aşkarlayıblar. Hadisə zamanı Aslan Hüseynov da xəsarət alıb. O, 1 saylı şəhər xəstəxanasına gətirilib. Bıçaq onun əlini kəsib.
Aslan Hüseynov polislərə bildirib ki, baldızı evinə gələrək bıçaqla ona hücum edib. O da bıçağı baldızının əlindən alaraq ona vurub.
Hacı Zeynalov