Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Maştağa qəsəbəsində həmyerlisini qətlə yetirməkdə təqsirli bilinən Tofiq Şəkərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, ittihama görə, hadisə ötən il noyabr ayının 11-də Maştağa qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1977-ci il təvəllüdlü Tofiq Şəkərov mübahisə zəminində 1987-ci il təvəllüdlü İsmayıl Abdullayevə bıçaqla bir neçə zərbə vurub. Yaralı xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi hadisədə şübhəli bilinən Tofiq Şəkərovu saxlayaraq istintaqa cəlb edib. Məlum olub ki, Tofiq Şəkərov həmyerlisi İsmayıl Abduləliyevi 200 manata yaxın pul borcuna görə öldürüb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçən prosesdə təqsirləndirlən şəxs ifadə verib. Daha sonra təqsirləndirilənin anası Kövsərxanım Şəkərova şahid qismində dindirilib.
Kövsərxanım Şəkərovanın sözlərinə görə, küçədə oğlunun səsini eşidib, səsə küçəyə çıxıb və oğlunu evə aparıb: “Bir az sonra polis gəldi. Polis əməkdaşları oğlumun cinayət törətdiyini bildirdi. Tofiqin ciddi xəstəliyi var, bir neçə dəfə xəstəxanada müalicə alıb. Oğlumun kimə borc verdiyi barədə heç nə bilmirdim. Onun o qədər pulu yox idi”.
Təqsirləndirilən şəxsin qardaşı ifadəsində bildirib ki, Tofiqin kiməsə borc verməsi barədə məlumatı olmayıb: “Mənim ağlım kəsəndən qardaşım xəstə olub. Qardaşım iki dəfə evlənib, 2 uşağı olub. Həmin qadınlar dəlixanadan qaçmışdı. Birinci qadın özünü öldürdü, ikinci qadın isə qaçıb getdi”.
Növbəti məhkəmə prosesi noyabrın 3-də davam edəcək.
Hacı Zeynalov