21 Oktyabr 2016 11:24
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 2015-ci ildə keçirilən Avropa Oyunları zamanı "Atletlər kəndi"ndə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədovdan başqa digər təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.

Teleqraf.com-un məlumatına görə, onlar bəraət istəyirlər.

Apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəli Əhmədov 3 il sürücülük hüququndan məhrum edilməklə və cəzasını mənəqə tipli cəzaçəkmə müəssisəində çəkməklə 3 il, Hüseyn Salamov 3 il, Elçin Həsənov isə 2 il dövlət və yerli özünü idarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Zamində olan Fərid Əmiraslanov isə 2 il 11 ay 28 gün şərti olaraq azadlıqdan məhrum edilib. Onun barəsində 1 il 6 ay sınaq müddəti təyin edilib.

Hökmdə Hüseyn Salamov barəsində olan ittihamın təsdiqini tapmadığı qeyd edilib.

Hakim bildirib ki, onun ittiham olunduğu 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddə Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsinə tövsif edilib. Hüseyn Salamov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Ötən il iyunun 11-də I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç və Luna Paceri vurub.

Yol-nəqliyyat hadisəsində sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov təqsirləndirilir.

Vəli Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), Hüseyni Salmanov və Elçin Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Fərid Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Digərlərindən fərqli olaraq, Fərid Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər