Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ziyafət Manafovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxışə oktyabrın 27-nə təyin edilib.
İttihama görə, Pirallahı rayonunun Süleyman Bağırov küçəsində bağ evlərindən birində baş verən hadisə zamanı əvvəllər məhkum olunmuş, 56 yaşlı Ziyafət Manafov eyni evdə yaşadığı 53 yaşlı Raqib Əhmədova bir neçə dəfə atəş açıb. Lakin güllələrdən heç biri Raqib Əhmədova dəyməyib.
Hadisədən sonra Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Hadisəni törədən Ziyafət Manafov saxlanılıb və istintaqa təhvil verilib. Hadisə yerindən 4 giliz götürülüb.
İstintaq zamanı məlum olub ki, həm Ziyafət Manafov, həm də Raqib Əhmədov həmin ərazidə kirayədə qalıblar. Onlar balıq ovu ilə məşğul olublar.
Ziyafət Manafov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.
Hacı Zeynalov