Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Yusif Əzizov ifdə verib.
O bildirib ki, oğlunu ixtisası üzrə işə düzəltmək istəyib: "Buna görə dostumun məsləhəti ilə Maşallah Əhmədova 15 min manat pul verdim. Dostum dedi, oğlum da Maşallah Əhmədovun yanında işləyir. Maşallahla görüşdük, dedi ki, 15 min manat pul versən, Dövlət Neft Şirkətinin nəzdində olan bir təşkilata düzəldərəm. Oğlunu da göndərəcəyik xaricdə oxusun.
Mən də pulu verdim. Bir müddət sonra Dövlət Neft Şirkətinə getdik. Maşallah Əhmədov Xoşbəxt Yusifzadənin, kadrlar şöbəsi rəisinin yanına girib deyib ki, bu uşağı işə düzəltmək lazımdı. Onlar da deyiblər ki, CV-ni gətirsin.
Neçə il keçdi, iş düzəlmədi, pulu da qaytarmadı. Dəfələrlə ona dedim ki, gəl məsələni polis səviyyəsinə qaldırmayaq.
Bundan əlavə, mənə başqa işlərlə də bağlı söz verdi, əməl etmədi. Onun mənə vurduğu ziyan 350 min manatdır. Mənə İrandan tikinti daşı gətirmək üçün də söz verdi, pulumu aldı qaytarmadı".
Maşallah Əhmədov bildirib ki, Yusif Əzizovla İrana gedib və tikinti daşları gətiriblər:"Bu adam bilmirdi ki, o daş İranda neçəyədi, Bakıda neçəyə satılır. Daş biznesində onun təcrübəsi yox idi. Daşları mən satırdım. Sonra dedi ki, sən məni aldadırsan. Mən də dedim, get özün sat. Neçə ay keçdi, sata bilmədi. Heç bir şeyi düz danışmır".
Proses noyabrın 1-də davam edəcək.
Maşallah Əhmədov 2015-ci il dekabrın 14-d Binəqədi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərdən 150 min manatdan artıq pul alaraq xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu qaytarmayıb.
Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.
Hacı Zeynalov