25 Oktyabr 2016 13:33
1 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə Xatirə Ramazanova ifadə verib.

O bildirib ki, xatırlamadığı gün Mehriban Hüseynova ona zəng edib: "Mehriban soruşdu ki, axşam saat 10-da bizə gələ bilərsən? Mən də həmin vaxt onlara getdim. Mehriban dedi ki, İlhamə Quliyevanın evində çantasını əlindən alıblar, pulunu götürüblər, ona qarşı alçaltdıcı hərəkətlər ediblər.

Bu hadisədən əvvəl də Mehribanın başına iş gəlmişdi. Mehribangilə gedəndə onun bıçaqla vurulduğunu görmüşdüm. Mehriban demişdi ki, məni İlhamə bıçaqlayıb. Bu hadisədən şoka düşmüşdüm. İkinci dəfə də belə alcaldıcı hərəkətlər etmələri məni qorxuya salmışdı".

Xatirə Ramazanova əlavə edib ki, İlhamənin evində Mehribanın pulu əlindən alınıb: "Bu səbəbdən Mehriban "28 May" metrosu yaxınlığında aşayan rəfiqəsindən pul götürmək istədiyini bildirdi. Birlikdə pulu götürməyə getdik. Geri qayıdanda Mehribanın evi qarşısında qara maşın qabağımızı kəsdi. Maşından iki nəfər düşdü.

Biri İlhamənin oğlu Orxan, digəri dostu Vüqar idi. Orxanın əlində dubinka var idi. Onlar maşınımızı vururdular ki, qapısını açaq.

Mehribana dedim ki, 102-yə zəng elə. Mehriban 102-yə zəng vurdu və hadisə barədə xəbər verdi. Mehriban dedi ki, məni öldürəcəklər. Bundan qorxuya düşdüm, fikirləşdim ki, Mehribanı öldürəcəklər, cinayəti mənim boynuma yıxacaqlar.

Buna görə də dayanmadan maşında siqnal verməyə başladım. Məqsədim adamların ora toplaşmasıns nail olmaq idi. Bu zaman ora İlhamə də gəldi, qışqırdı ki, siqnalı kəsim. İlhamə ikimizi də öldürməklə hədələdi".

Şahid bildirib ki, Mehriban Hüseynovanın İlhamənin həyatına qəsd hazırlaması, əmlakını ələ keçirməyə cəhd etməsi barədə heç nə eşitməyib.

Proses noyabrın 1-də davam edəcək.

Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İlhamə Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər