25 Oktyabr 2016 17:27
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş verniş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirən prosesdə şahid qismində Emin Vəliyev ifadə verib.

Emin Vəliyev bildirib ki, ümumi sifariş qaydasında “Global Stone”dən nümunələr götürüb və laboratoriyaya təhvil verib, amma laboratoriyada nümunələrə cavabdeh olmayıb: “Mən yalnız nümunələri təqdim etmişəm. Nümunələri laboratoriyada qoyub getmişəm, Ağacavad müəllimə verməmişəm”.

Digər şahid Standartlaşdırma, Metrologiya və Sertifikasiya İdarəsinin sabiq əməkdaşı İsrafil Yusifov ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.

İsrafil Yusifov bildirib ki, sınaq nümunələrini təhvil verdiyi şəxsin kim olduğunu xatırlamır. Hakim şahidin istintaqa fərqli ifadə verdiyini xatırladıb: “İstintaqda demisiniz ki, Ağacavad müəllim sizə dedi, “qorelka aparatı”işləmir, sonra yoxlayaram... Bəs istilik keçirməni necə yoxladınız? Bu hadisələrin törədilməsinə belə çıxır ki, siz rəvac vermisiniz. Ağacavad müəllim qədər siz də günahkarsınız”.

Növbəti şahid Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Vüqar Əliyev həyəcan siqnalı verilən kimi hadisə yerinə getdiklərini bildirib: “İçəridə işləyirdik, qapıları sındırırdıq, insanları təxliyə edirdik”.

Şahid qismində polis əməkdaşı Elnur Məmmədov bildirib ki, yanğın baş verən binanın yaxınlığındakı ərazidə xidmətdə olub: “Həmin vaxt protokol yazırdım, gördüm tüstü ətrafı bürüyüb, yarımçıq qoyub getdim binaya doğru. İdarəyə, FHN-ə məlumat verdik. Birdən-birə yanğın başladı, binanı alov bürüdü”.

Proses oktyabrın 27-də davam edəcək.

İttihama görə, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər