Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində 28 May - Respublika günü münasibətilə elan edilən Amnistiya Aktının icrası başa çatdırılıb.
Teleqraf.com xəbər verir ki, Penitensiar Xidmətdə “28 May - Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarının icrası vaxtında, düzgün, mütəşəkkil təşkil olunmaqla, qanunvericiliyə uyğun, pozuntu hallarına yol verilmədən, məhkumların ailə üzvlərinin və qohumlarının iştirakı ilə 15 oktyabr 2016-cı il tarixdə uğurla başa çatdırılıb.
Amnistiya qərarı ümumilikdə 10868 nəfərə şamil edilib.
Qərar azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3545 məhkuma tətbiq edilib. Onlardan 2842 məhkum cəza çəkməkdən azad olunub, 635 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb və 68 məhkumun narkomaniyadan məcburi müalicəsi müvafiq məhkəmənin qərarı ilə ləğv edildikdən sonra onlar azad ediləcəklər. Azad olunan məhkumlardan 59 nəfəri qadın olub.
Bu qərar Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, 7 xarici ölkənin 55 əcnəbi vətəndaşına və 1 nəfər vətəndaşlığı olmayan məhkuma da şamil edilib.
Cəzadan azad edilmiş şəxslərə müvafiq arayışlar təqdim olunub, onlara yardım göstərilib, əvvəlki daimi yaşayış yerləri üzrə icra hakimiyyəti və polis orqanlarına rəsmi məlumatlar göndərilib.
Azad olunmuş xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan bir nəfər şəxs Dövlət Miqrasiya xidmətinə təhvil veriliblər.
Hacı Zeynalov