Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Nüşabə Baxışovanın cinayət işi üzrə məhkəmə keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq iclasında Nüşabə Baxışovanın vəkili Elman Ağayev vəsatət verib.
O bildirib ki, cinayət işinin istintaqını aparan müstəntiq kobud qanun pozuntusuna yol verib. İstintaq zamanı Nüşabə Baxışova vəkillə təmin olunmayıb və onun müdafiə hüququ pozulub.
Məhkəmə işin icraatının dayandırılması və cinayət işinin prokurorluğa qaytarılması barədə qərar qəbul edib.
Məhkəmə həmçinin müstəntiqin kobud qanun pozuntusuna yol verdiyi üçün barəsində xüsusi qərar qəbul edib.
Naşabə Baxışova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham edilir. O, özünü vəkil kimi təqdim edib və bir qrup vətəndaşa işlərini məhkəmələrdə həll edəcəyi barədə vəd verib. Beləliklə, 16 vətəndaşın ümumilikdə 180 min manatını dələduzluq yolu ilə ələ keçirib.
Hacı Zeynalov