Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış yazıçısı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrlik etdiyi prosesə şahidlər gəlməyib.
Təqsirləndirilən şəxsin bacısı Yeganə Kərimzadə və İlkin Abdullayev xəstə olmaları səbəbi ilə bağlı prosesdə iştirak etmədikləri bildirilib.
İlkin Mehdiyevin məhkəməyə məcbur gətirilməsi üçün Cəlillabad rayon polis şöbəsinə qərar göndərilib. Amma İlkin Mehdiyev məhkəməyə zəng vuraraq prosesə xəstə olduğu üçün gələ bilmədiyini, növbəti prosesdə iştirak edəcəyini deyib.
Hakim bildirib ki, İlkin Mehdiyev əsas şahidlərdən biridir: "İlkin Mehdiyev barəsində məcburi gətirilmə barədə qərar qəbul etmişik. Qərarın icrası üçün tədbir görülməlidir".
Əziz Kərimzadə qeyd edib ki, bacsının da ifadəsi çox önəmlidir. O, bacısı ilə İlkin Mehdiyevin eyni gündə məhkəmədə dindirlməsini istəyib: "Bacım elə ifadə verəcək ki, sonra İlkin Mehdiyevin dindirilməsi lazım gələcək. Bu səbəbdən onların çarpaz dindilməsi gərək olacaq".
Proses noyabrın 4-də davam edəcək.
Əziz Kərimzadə dələduzluq yolu ilə 4 vətəndaşdan 60 min manatdan artıq pul alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.
Bakı şəhəri 3 saylı hüquq məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Elçin Muradov Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Əziz Fərman oğlu Kərimzadə onun 12 min manat pulunu mənimsəyib.
2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.
Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.
Hacı Zeynalov