“Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktları həyata keçirməyi planlaşdırmaqda və ölkə başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən Samir Sanıyev və digərləri barəsində olan hökmdən kasasiya şikayətinə baxılıb.
Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Samir Saniyev və daha 29 nəfərin kasasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Azərbaycan təhlükəsizlik orqanları 2012-ci ildə “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində terror aktları və Azərbaycan prezidentinə sui-qəsd hazırlayan dəstəni zərərsizləşdirib.
Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri 2012-ci ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin respublikanın şimal-qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox olduqları və qaldıqları “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda, “Baku Crystal Hall”da və Dövlət Bayraq meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəstənin başçısı Samir Sanıyev və daha iki nəfər ömürlük, digər şəxslər isə 9 ildən 15 ilədək müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən verilən apelyasiya şikayəti isə təmin edilməyib. Bakı Apelyasiya Məhkəməsinin qərarından məhkumlar Ali Məhkəməyə kasasiya şikayəti veriblər.
Hacı Zeynalov