29 Oktyabr 2016 20:27
2 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətl hadisəsi törətməkdə təqsirli bilinən Samux rayon sakini, 1988-ci il təvəllüdlü Səbuhi Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Səbuhi Babayev 2014-cü ilin may ayında Aysel Rəsulova ilə rəsmi nikah bağlayandan bir müddət sonra öz toy məclisini Gəncə şəhərində keçirmək istədiyini elan edib. Qayınanası Məlahət Rəsulova buna etirazını bildirib.

Səbuhi Babayev 26 iyul 2014-cü il tarixdə, səhər təxminən saat 07.00-da Aysellə faktiki yaşadığı qayınanasına məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində salınmış yeni məhəllədə yerləşən fərdi yaşayış evinə gəlib. Bu zaman Məlahət Rəsulova növbəti dəfə Səbuhiyə toyu Gəncədə etməsinə etiraz edib. O, həmçinin Səbuhiyə qızı Aysel Rəsulovanı qısqandığına görə iradını bildirib. Bununla əlaqədar həmin vaxt kürəkənlə qayınana arasında mübahisə yaranıb.

Bundan sonra Səbuhi Babayev Aysel Rəsulovanı Bakı şəhərindəki iş yerinə gətirib, təxminən saat 10.00-da yenidən qayınanasıgilə qayıdaraq aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün qayınanası Məlahət Rəsulova ilə söhbət edib və Aysellə rahat yaşamalarına nə üçün imkan vermədiyini soruşub.
Söhbət zamanı Məlahət Rəsulovanın hərəkətlərindən əsəbiləşən Səbuhi Babayev boğazından tutaraq, onu boğmağa başlayıb. O, qayınanasının ölmədiyini görüb və başını divara çırpmağa başlayıb.

Qadını boğandan sonra Səbuhi Babayev cinayətin izini itirmək məqsədlə evi yandırmaq qərarına gəlib. O, cinayətini gizlətmək, onun izlərini itirmək və şübhələri özündən yayındırmaq məqsədilə Məlahət Rəsulovanın otağına evdən götürdüyü 2 litr həcmində nefti səpib. Daha sonra evə od vurub və oranı tərk edib.

Məlahət Rəsulovanın 32.000 manat dəyərində yaşayış evi içərisindəki əşyalarla birlikdə yanıb.

Səbuhi Babayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 186.2.1 və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Babayev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Onun şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb.

Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Səbuhi Babayevin əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Məhkəmə onun cəzasını 13 il 6 aya endirib.

Bu qərardan prokurorluq kasasiya protesti verib. Prokurorluq Sumqayıt Apelyasiya Məhkəməsinin çıxardığı qərarın ləğv edilməsini istəyib. Həmçinin Səbuhi Babayev barəsində daha yüngül cəzanın təyin edilməsi xahişi ilə kasasiya şikayəti verib.


Tərəflərin şikayəti Ali Məhkəmədə, hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyası prokurorluğun protestini təmin edib və Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını ləğv edib. İşin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Yaxın günlərdə bu cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsində yenidən məhkəmə prosesi başlayacaq.

Hacı Zeynalov


Müəllif: