Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə şahid Müşviq Əliyev ifadə verib.
O, şahid qismində atasının istintaqa verdiyi ifadəsini təsdiq edib: "Fəqan adlı şəxsin mənə borcu var idi. Pulun əvəzinə mənə daş verdi. Daha sonra Maşallah Əhmədovla Yusif gəlib dedi ki, daş mənimdir. Mən də daşı 2000 manata satdım. Həmin puldan 200 manatı Maşallah müəllimə verdim, qalanı isə borcuma çıxdım".
Maşallah Əhmədov qeyd edib ki, daşları satmaqada məqsədi pul qazanmaq olub: "Həmin daşları istintaqın iştirakı ilə Yusif müəllimin anbarına yığmışıq. O isə deyir ki, mənim bundan xəbərim yoxdur. Əgər istəmirsənsə, mənim daşlarımı qaytar".
Növbət proses noyabrın 8-nə təyin edilib.
Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərdən 150 min manatdan artıq pul alaraq xaricdən daş plitə gətirəcəyini vəd edib.
Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu qaytarmayıb.
Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.
Hacı Zeynalov