1 Noyabr 2016 15:26
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 15 il əvvəl ağır cinayətlər törətməkdə təqsirli bilinən Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Pərviz Hüseynov digər 3 nəfərlə birlikdə 2000-ci ildə Bakı şəhər sakinini öldürməyə cəhd edib.

Onlar şəhər sakinlərinə qarşı bir neçə quldurluq əməli törədərək pul alıblar. Digər 3 nəfər həmin il saxlanılaraq barələrində məhkəmə hökmü çıxarılıb. Pərviz Hüseynov isə cinayətdən yayına bilib. O, Rusiya Federasiyasına qaçıb. Bir müddətdən sonra Rusiyada başqa bir cinayətə görə tutulub. Uzun müddət orda məhbusluq həyatı yaşayıb. 2015-ci ildə Azərbaycana qayıdan Pərviz Hüseynov saxlanılıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən Pərviz Hüseynov ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, adam öldürməyə cəhd və digər ağır cinayətlərdə iştirak etməyib.

Onun sözlərinə görə, yalnız Bakı kəndlərindən birində bağ evinə edilən basqında iştirak edib: “Bu cinayəti Cahangir adlı şəxs təşkil edib. Cahangirin vasitəsi ilə də Məmmədtağı və Nazim Babayevi tanımışam. Nazim Babayev bizi həmin bağ evinə maşını ilə aparıb. Onu da cəmi bir dəfə orada görmüşəm. Həmin hadisə zamanı məndə “Makarov” tipli tapança və qandal olub. Qandalı ona görə götürmüşdüm ki, evinə basqın etdiyimiz kişinin qoluna vurum. Amma qandalı evinə basqın etdiyimiz kişinin qoluna vura bilmədim”.

Təqsirləndirilən şəxs əlavə edib ki, evinə basqın edilən şəxsdə külli miqdarda pul və qızıl olduğunu Cahangir bilib və buna görə də cinayəti Cahangir planlaşdırıb: “Amma deyilən kimi olmadı. Evdən nə pul, nə də qızıl tapıldı. Planlaşdırdığımız kimi pulu və qızılları aramızda böləcəkdik”.

Pərviz Hüseynov qeyd edib ki, Azərbaycanda bu cinayətdən əvvəl iki dəfə məhkum olunub. Bağ evinə basqın edəndən sonra Rusiyaya gedib və orada yaşamağa başlayıb: “Rusiyada oğurluq etdim, orada da məhkumluq həyatı yaşadım. Həbsdən yeni çıxmışdım, Azərbaycana gələndə həbs edildim”.

Pərviz Hüseynov daha sonra bildirib ki, cinayət işində adı keçən Əli Atakişiyevi tanımayıb, onun adı çəkilən cinayətlərdə iştirakı olmayıb: “Dgər qətl hadisəsi və quldurluq cinayətlərində iştirak etməmişəm. Həmin hadisələrin də kimin tərəfindən və hansı səbəbdən törədildiyindən xəbərim olmayıb”.

Proses noyabrın 15-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər