2 Noyabr 2016 12:17
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində vergidən yayınmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, Həsənağa Babayevin 8 il, Elman Rəhimovun 6 il 6 ay, Tərxan Şirinovun 6 il, Əlirza Kərimovun 4 il, Hüseyn Bayramovun 5 il, Səadət Cəfərovun 3 il 6 ay, Elvin Əsgərovun 5 il, Səbuhi Qazıyevin 5 il, Ramşan Rzayevin isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 10-da davam edəcək.

İttihama görə, 7 iyul 2011-ci il tarixdən "Atrabank” ASC-nin Nəsimi filialının mühasibi, 3 mart 2014-cü ildən isə həmin filialın xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən Həsənağa Babayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb. Bu məqsədlə o, tanışları Tərxan Şirinov, Elman Rəhimov, Hüseyn Bayramov, Əlirza Kərimov və Səhadət Cəfərovdan ibarət, Səbuhi Qazıyev isə Ramşan Rzayev və Elvin Əsgərovdan ibarət mütəşəkkil cinayətkar dəstələr yaradaraq 2012-2014-cü illər ərzində həmin qruplara rəhbərlik ediblər.

Dəstə üzvlərinin adlarına 107 MMC yaradılıb, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə ya təqdim edilməyib, yaxud təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilərək, ümumilikdə 1270884.46 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırılıb.

İstintaq-əməliyyat tədbirləri ilə qeyd olunan şəxslər tərəfindən bir sıra cinayət əməllərinin törədildiyi toplanmış təkzibolunmaz faktlarla – ilkin mühasibatlıq sənədləri, şahid ifadələri, telefon əlaqələrinin təhlili və yoxlanılması, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam sübuta yetirilib. Dövlətə vurulmuş ziyandan 190550 manatı ödətdirilib, 363987 manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Dəstə üzvləri Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2, 213.1 və 308.2-ci maddələri ilə ittiham edilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər