Bu gün Ali Məhkəmədə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində hökmdən verilmiş kasasiya şikayəti üzrə məhkəmə keçirilməli idi.
Teleqraf.com xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrlik etdiyi proses növbəti dəfə baş tutmayıb.
Hakim Hafiz Nəsibov Arif və Leyla Yunusların vəkillərinə bildirib ki, işə baxan hakimlər heyətindəki Əli Seyfəliyev hazırda ezamiyyətdədir. Bu səbəbdən məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb.
Leyla Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin məhkəmə onların əmlakının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi haqda qərar verib.
Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Arif Yunus barəsində həbs-qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb.
Dekabrın 9-da isə Leyla Yunus barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb.
Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb.
Həmin məhkəmə qərarından narazı qalan Leyla Yunus və Arif Yunus kasasiya şikayəti verib. Onlar barələrində bəraət hökmü çıxarılmasını istəyirlər.
Bu il aprel ayında Leyla Yunus və Arif Yunus Azərbaycanı tərk edərək, Hollandiyada gediblər.
Hacı Zeynalov