2 Noyabr 2016 18:02
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elməddin Ağayev və Kərəm Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Elməddin Ağayevin 20 il, Kərəm Əliyevin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 16-da davam edəcək.

İttihama görə, hadisə sentyabrın 19-da Xətai rayonu, Nobel prospekti, 110 ünvanında baş verib. 50 yaşlı Ələddin Qarayev oğlunun toyuna 12 gün qalmış qətlə yetirilib.

Ələddin Qarayevin oğlu Əmrah Qarayev Nobel prospekti-110 ünvanında yerləşən “Lion” kafesində kafe sahibinin mühafizəçisi Eləməddin Ağayevlə mübahisə edib, aralarında dava olub. Əmrah Qarayev yaxınlıqdakı evinə gedib.

Elməddin Ağayev və qardaşı Niyaməddin Ağayev bıçaqla silahlanaraq, Əmrah Qarayevin yaşadığı evə gəliblər. Onlara Kərəm Əliyev də qoşulub. Evin qarşısında növbəti dəfə dava düşüb.

Elməddin Ağayev əlindəki bıçaqla Əmrah Qarayevin boğaz nahiyəsinə xəsarət yetirib. Əmrah Qarayevin atası Ələddin evdən beysbol ağacı götürərək qapıya çıxıb və oğluna kömək etməyə çalışıb. Elməddin Ağayev onu da bıçaqlayıb.

Hər iki şəxs xəstəxanaya aparılarkən, Ələddin Qarayev yolda ölüb. Onun oğlu Əmrah Qarayev isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Cinayəti törədən qardaşlardan biri – Niyaməddin Ağayev hadisədən bir neçə gün sonra İrana qaçmaq istəyərkən həbs edilib, digər qardaş Elməddin Ağayev isə İran ərazisinə keçə bilib. Daha sonra o və Kərəm Əliyev də həbs edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər