3 Noyabr 2016 16:47
2 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Ruslan Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib.

İttihama görə, Ruslan Həsənov Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Ondan külli miqdarda narkotik vasitə aşkar olunub.

Ruslan Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilir.

Prosesdə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, “Nizami” metrostansiyasının yaxınlığında Bakı şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və 8-ci polis bölməsinə təhvil verilib.

Ruslan Həsənov qeyd edib ki, həbs olunan zaman üzərində narkotik olmayıb: “Polis bölməsində qarşıma silah və narkotik qoydular. Dedilər ki, ya silah, ya da narkotik ittihamını etiraf etməlisən. Yenə də onların dedikləri izahatı yazmadım. Bundan sonra bir nəfər gətirdilər və dedilər ki, bu şəxsə hədə-qorxu gəlmisən, ondan pul tələb edibsən, səni bu ittihamla həbs edəcəyik. Bundan sonra məcbur qalıb narkotik vasitə saxlama və gəzdirmə ittihamını etiraf etdim”.

Ruslan Həsənov bildirib ki, narkotik aludəçisidir, amma həmin vaxt onda narkotik olmayıb: “İttiham aktında yazırlar ki, guya məni 20-ci sahədə həbs ediblər. Amma düzgün deyil”.

Təqsirləndirilən şəxs sualları cavablandıran zaman həbs edilməsini səbəbini belə izah edib.

Bildirib ki, onu bu il aprelin 20-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş vermiş silahlı insidentlə bağlı saxlayıblar. Onun sözlərinə görə, hadisə zamanı orada olub: “Bu hadisədən sonra məni izləyiblər və həbs ediblər. İstintaq sənədlərində yazıblar ki, guya mən narkotik vasitəni aprelin 26-da əldə etmişəm. Bir neçə gün üstümdə saxlamışam və aprelin 29-da həbs olunan zaman həmin narkotik məndə tapılıb. Heç kim üstündə 4 gün narkotik vasitə saxlamaz. Mənə qarşı irəli sürülən ittiham əsassızdır”.

Daha sonra 8-ci polis bölməsinin əməkdaşı Muğan Hümbətov ifadə verib. O, bildirib ki, bölməyə daxil olan məlumat əsasında Ruslan Həsənov həbs edilib.

Şahid qeyd edib ki, həbs olunanda Ruslan Həsənova hər hansı təzyiq edilməyib. Digər şahid Səməd Səmədov deyib ki, təqsirləndirilən Ruslan Həsənovun yaşadığı ərazidə sahə müvəkkili olub.
Onun sözlərinə görə, Ruslan Həsənovun narkotik vasitə əldə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olub: “Keçirilən əməliyyat nəticəsində Ruslan Həsənov həbs edilib”.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

təqsirləndirilən Ruslan Həsənovun ifadəsində qeyd etdiyi hadisə bu il aprelin 20-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Silahlı insident zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, Süleyman Abdullayev isə bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub.

Aprelin 20-də Səbail rayonu ərazisindəki “Bulaq” restoranında baş vermiş münaqişə zamanı “Makarov” markalı tapançadan atəş açaraq Fuad Əkbərova və Süleyman Abdullayevə xəsarət yetirmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Samir Allahyarov Qazax rayonu ərazisində tutulub.
Bu hadisənin də kriminal aləmə yaxınlığı ilə seçilən şəxslər tərəfindən törədildiyi ehtimal olunur. İlkin ehtimala görə, kriminal aləmin avtoritetlərinin tərəfdarları arasında mübahisə yaranıb və sonda cinayət hadisəsi baş verib.

Qanlı cinayət hadisəsindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Bakının Sabunçu və digər rayonlarında xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı kriminal aləmə yaxınlığı ilə seçilən 42 nəfər həbs edilib.

Olaydan sonra “Bulaq”dakı atışmanın kriminal aləmin iki nüfuzlu siması – “Lotu Quli” kimi tanınan Nadir Səlifov və “Rövşən Lənkəranski” kimi məşhurlaşmış Rövşən Canıyevin tərəfdarları arasındakı “razborka” olduğu haqda xəbərlər də yayılıb .

Həbs olunanlar arasında “Lotu Quli”nin tərəfdarları – “Pepi”' ləqəbi ilə tanınan Pərviz və “Qusik” kimi məhşur olan Hüseynin də adı keçir.

“Lotu “Quli”nin həbs olunan adamlarına isə liderliyi Namiq İbayev edib. Əməliyyat zamanı Namiq İbayev də həbs olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər