Bakı Apelyasiya Məhkəməsində “Bakı Taxıl Terminalı” MMC-nin baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub.
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları, daha sonra apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib. Məhkəmə baxışı noyabrın 7-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təqsirləndirilənlərin hər biri 20 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan hökmün ləğv edilməsini, yeni ədalətli hökm çıxarılmasını istəyiblər.
İttihama görə, bu il yanvarın 8-də “Bakı Taxıl Terminalı” MMC-də baş texnoloq işləyən Qalib Bağırovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağlar” yaşayış massivindəki evində aşkar olunub.
Keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Həsənov, Məhnurə Hüseynova və Mübariz Əliyev tutularaq istintaqa cəlb ediliblər.
Müəyyən edilib ki, qeyd edilən şəxslər qabaqcadan əlbir olaraq həmin gün saat 7 radələrində Qalib Bağırovun yaşadığı bağ evinə gəlib çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla onu öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 belorus rublu məbləğində pulu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham edilir.
Hacı Zeynalov